Slider

Naxtel 4G artıq sizinlədir!

Oktyabrın 25-də Naxçıvanda dördüncü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik etdi.

Ali Məclisin Sədri deyib: Ölkənin inkişafı onun öz təhlükəsizliyini təmin etməsindən başlayır. Ölkənin təhlükəsizliyinin təmin olunması isə yalnız ordu yaratmaq və sərhədləri qorumaqla deyil, həm də ərzaq, enerji və telekommunikasiya sisteminin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Naxçıvanda yeni mobil rabitə sisteminin istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Artıq Naxçıvan Muxtar Respublikası telekommunikasiya blokadasını yararaq dünya rabitə sisteminə inteqrasiya olunmuşdur. Ona görə də fasiləsiz və keyfiyyətli mobil rabitə xidmətinin göstərilməsi, mobil rabitə şəbəkəsinin milli və beynəlxalq rominq sisteminə qoşulması qarşıda duran əsas vəzifədir.

Ali Məclisin Sədri deyib: Mobil rabitə şəbəkəsi muxtar respublika üçün vacib sahədir. Çünki dayanıqlı rabitə və internet xidmətlərinin göstərilməsi insanlara rahatlıq gətirir. Həmçinin mobil rabitə şəbəkəsi Muxtar Respublikada əhalinin elektron xidmətlərə çıxışını yaxşılaşdıracaq, vaxt itkisinin və əlavə xərclərin qarşısını alacaq, ümumilikdə insanlara 20-dən artıq müxtəlif elektron xidmət göstəriləcəkdir. Müasir mobil rabitə sisteminin imkanlarından səmərəli istifadə etmək və keyfiyyətli xidmət göstərmək isə bu sahə üzrə mütəxəssislərin hazırlanmasını zəruri edir. Ona görə də Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi bu məsələni diqqətdə saxlamalı, mütəxəssislər hazırlanmalıdır.

Qeyd olunub ki, dünyada baş verən texnoloji yeniliklərlə, inkişafla ayaqlaşmaq qarşıda duran əsas vəzifələrdəndir. Muxtar Respublikada bu məsələ diqqətdə saxlanılıb, yeni mobil rabitə sisteminin yaradılması üçün vəsait ayrılıb, Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında müqavilə bağlanaraq 4-cü nəsil mobil rabitə sistemi qurulub. Bu gün Muxtar Respublikanın ən ucqar dağ və sərhəd kəndlərində təhsil alan şagirdlər sürətli internetdən istifadə edirlər. Mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi mobil internet xidmətindən istifadəyə də geniş imkanlar açacaqdır.

Ali Məclisin Sədri mobil rabitə şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür edib.

Sonra Ali Məclisin Sədri rabitə şəbəkəsinin qurulmasında əməyi olanlara hədiyyələr təqdim edib, yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, rabitə şəbəkəsinin Müştəri Xidmətləri bölməsində nömrələrin satışı və qeydiyyatı, eyni zamanda, vətəndaşların mobil rabitə ilə bağlı müraciətləri qəbul olunur. Abonentlər mobil telefonlardan “299” nömrəsini yığaraq sorğu xidmətindəki operatorlarla əlaqə saxlamaq imkanına da malikdirlər. Həmçinin www.naxtel.az internet saytına daxil olmaqla göstərilən xidmətlər haqqında ətraflı məlumat almaq və balansı artırmaq mümkündür.

98 baza stansiyasının hər biri ilə mərkəzi idarəetmə sistemi arasında fiber optik kabel xətləri çəkilib və saniyədə 1 giqabit informasiya daşıya bilən avadanlıqlar qurulub. Mobil rabitə şəbəkəsində 800, 900 və 1800 meqahers tezlik diapozonlarının hər üçündən istifadə olunur. Türkiyə Respublikasının “Akgün Yazılım”, “İ2İ” və “Etiya” şirkətləri ilə bağlanmış müqavilələr əsasında mobil rabitənin müstəqil qeydiyyat və hesabat sistemi yaradılıb. Bunun üçün əsas, ehtiyat serverlər və digər avdanlıqlar alınaraq qurulub, 13 modul, müxtəlif bazalar, elektron qeydiyyat və ödəniş sistemləri ilə əlaqəli işləri özündə birləşdirən irihəcmli proqram təminatları hazırlanıb. 4-cü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir.

Ali Məclisin Sədri mərkəzi idarəetmə otağında 4-cü nəsil mobil rabitə şəbəkəsini işə salıb.

Ali Məclisin Sədri 4-cü nəsil mobil rabitə şəbəkəsinin imkanlarından səmərəli istifadə olunması və göstərilən xidmətlərin sayının artırılması barədə müvafiq tapşırıqlar verib.