Naxtel MMC fəaliyyətinin ilk ilini uğurla başa vurdu.
Ötən ilin oktyabr ayının 25-də rəsmi fəaliyyətə başlayan Naxtel şirkətinin fəaliyyətinin ilk ilində apardığı məqsədyönlü tədbirlər və yüksəkkeyfiyyətli xidmət sayəsində abunəçilərinin sayı il ərzində 30 minə yaxınlaşıb. Naxtel 4G ölkəmizdə fəaliyyət göstərən dördüncü mobil rabitə şirkətidir. Naxtel, ən yeni xidmətlər təklif edən mobil rabitə operatoru kimi bu sahədəki işinə bir çox yeniliklərlə başlamışdır. “Gələcəyə doğru” şüarı ilə işə başlayan “Naxtel” MMC qısa zamanda fəaliyyət coğrafiyasını genişləndirdi. Bu gün digər operatorlardan fərqli olaraq Muxtar Respublikanın bütün yaşayış ərazilərini genişzolaqlı zəng və data xidmətləri ilə təmin edə bilən 4-cü nəsil Naxtel mobil operatoru müştəri məmnuniyyətini əsas hədəf götürmüşdür. Bu yöndə görülən işlər bundan sonra da davam etdiriləcək və abunəçilərə yüksək xidmət göstəriləcək.