Slider

"Naxçıvan Marafonu" 2019

Naxtel şirkətinin xüsusi dəstəyi ilə 05 May 2019 cu ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Naxçıvan marafonu-2019” təşkil edilmişdir.

“Sağlamlıq üçün qaç!” şüarı altında təşkil olunan 11 kilometrlik yarımarafon, İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin qarşısından start götürüb və Uzunoba gölünün ətrafında başa çatıb. Muxtar respublikada ilk dəfə təşkil olunan marafon kütləviliyi ilə seçilib.

Yarışda iştirak üçün, ümumilikdə, iki mindən çox şəxs qeydiyyatdan keçib. Həmçinin dövlət qulluqçuları, hərbçilər, mədəniyyət və incəsənət xadimləri, idmançılar, paralimpiyaçılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yarışa muxtar respublikada fəaliyyət göstərən 40-dan çox təşkilat və şirkətin təmsilçiləri də qoşulub. Marafonda azərbaycanlı tələbələrlə yanaşı Banqladeş, Nigeriya, İran və Türkiyədən olan tələbələr də mübarizə aparıblar. 

Yarışın fan zonası finiş nöqtəsində – Uzunoba gölü ətrafında təşkil olunub. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar, hədiyyəli oyunlar, manqal yeməkləri və sərin içkilər təqdim edilib.

Sonra “Naxçıvan marafonu-2019”un qaliblərinin mükafatlandırma mərasimi olub. Qaliblər iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən edilib. Kateqoriyaların hər birində ilk yerin sahibləri 1000, ikinci yeri tutanlar 500, üçüncü yerə çıxanlar isə 300 manat məbləğində mükafatla təltif olunublar.

Həmçinin kişi və qadın kateqoriyasının hər biri üzrə dördüncü-onuncu yerləri tutan şəxslərə müxtəlif qiymətli hədiyyələr verilib.

“Naxçıvan marafonu-2019”a yüzlərlə könüllü gənc dəstək göstərib.